Bu Daşı / Osman Fermanoğlu
S. ABDULLAYA
Könlümü nə yaman oxşayır,qardaş,
Aparaq yamaca sərək bu daşı.
Bir vaxtar olubmuş daşlara yoldaş,
Kənara tullayıb mərək bu daşı.
Saxlayaq döngədə, tində dayansın,
Çovğunlu, çiskinli gündə dayansın.
Adam adlamayan yöndə dayansın,
Eyləyək uçruma dirək bu daşı.
Yer torpaq ələsin başına, göy su,
Çəkilsin ərşlərə gözdən yuxusu…
Hələ canındadı quşun qorxusu,
Gözdən qaçırmayaq gərək bu daşı.
Ömrə qənimdisə, daş- mum eləyək,
Osman, məzlumdan da məzlum eləyək.
Döyək dən daşında, toz- qum eləyək,
Əsən küəklərə verək bu daşı.