DergiZan

Yazı ve Sanat Ülkesi

Beş Şiir / Osman Fərmanoğlu

 

DƏRD

 

Dərdinnən böyüyər adam unutduq,
Çeynəyə-çeynəyə saqqız elədik,
Biz öz dərdimizi urvatsız tutduq,
Baxtını bağladıb baxtsız elədik.

Hər zaman, hər yerdə haqqını yedik,
Duymadıq nə səsdi arxadan gələn…
Kiçilə- kiçilə,- böyüyük,– dedik,
Daha üstümüzə itlərdi gülən…

Yetmədi köməyə gendən baxanlar,
Hərə öz başının küyünə qaldı…
Şəhid qanı ilə başa çıxanlar,
Yenə də tüyünə-tüyünə qaldı.

Elə deyərdilər, bir nal bir atı,
Bir at bir igidi saxlar unutduq.
Dilimizi döydü ağı, bayatı,
Ağrılı günlərin toyunu tutduq.

Başı qorumaqla papaqdan keçib,
Bir ayrı kölgəlik axtardı hərə…
Can verən dərdlərin üstən su içib,
Sənin dərdlərini çəkirik, ərəb!…

4 İyun 2017

 

 DÜŞƏR

Əldə imkan varkən havana oyna,
Havadı, kimə zil, kimə bəm düşər.
Yaxşılıq içindən göstərən ayna,-
İndi çox görünən, sonra kəm düşər.

Daş atmaq peşədi, tulla yetənə,
Aradan çıxarsan, düşsən çətinə.
Tülkü bəh-bəh deyər toyuq ətinə,
Dovşana kök düşər, ya kələm düşər.

Baxma gədələrin şah sarayına;-
Fikir ver çöldəki hay-harayına.
Atı dodaq büzər kişmiş tayına,
Kasıbın boynuna borc, sələm düşər.

Nə qədər çəkəsən özünü yana,-
Dərdlərin özünlə qoşa dayanar.
Onu bilirəm ki, zəli qan sanar,–
Tilovdan balığa ölüm-yem düşər.

Osman, görülməz ki, hər iş yerində,
Fırlanan çox olsa,həndəvərində…
Bəduğur adamdan hər səfərində
Aldığın nəfəsə kədər, qəm düşər.

1 iyun 2017.

 

 

TƏZƏLİK

İçini çevirib sərəsən çölə;–
Çırpa, başdan-başa təzələyəsən.
Kifindən adlaya, kefindən keçə,
Ağrı- acısını əzizləyəsən…

Düşə qabağına Ayın işığı,
Getdiyin yerəcən əlindən tuta.
Olasan gecənin Tanrı aşiqi,
Təzəlik könlünə verilə buta.

Tutduğun niyyətlə verib qol-qola,
Haram duyğulara açasan savaş.
Bu süd işığında nə şeytan qala,
Nə qoca şeytana atılası daş…

Qeybdən nur üzlü bir qoca çıxa,
Telində əlinin sığalı qala…
Dilindən bir nəğmə fışqıra-axa,
Könlünün ən təmiz şeri yazıla.

3 iyun 2019.

 

BU GÜNÜN ŞEİRİ

Kirpiklərdən asılan göz yaşları
oxşayır qaşığa qısılan
bal damlasına…-
Süzülüb gəldikcə
dodaqlar tamsınar.
İkisi də paraşütdən sallanır elə bil,
ürəyin gözə sızan ağrıları
inləyir göz-göz,
baxış- baxış,
dil- dil…
pıçıltıyla söyləyir,
illər ötüb keçdi, qafil!

Vaxt varıydı,
dumduruydu baxışların
bulanıb yazda bulanan kənd çayı kimi.
Şəvə saçlarına illərin
qırovu qonub bir az,
itirmişəm səmtimi,
fikirlərim çəndə azıb…
Alnındakı izlər,
qarışqa ayağından düşən turşudu,
Acışdırır dilimi.
Ağrıya sinə gərə- gərə səni gözləyir,
ayaqda durmağa çalışan dizlər.

Yolun qırağında odları uçuşan təndir,
Külünü qurdalarıq,
Yolun içində ayağımızı
üstünə basdığımız kəndir;-
əsə- əsə yeriyən
kəndirbazlarıq.

11 may 2017

QƏRİBƏDİ

Qəribədi işləri, dünyanın, çox qəribə,
Yandıran haqq söyləyir, yanan da mədəd deyir.
Hamı bir biçimdədi, salıblar bir qəlibə,
Qanmayan göyə baxır, qanan da mədəd deyir.

Nə dadı var, nə duzu yediyimiz yeməyin,
Xeyrini görən görür çəkdiyimiz əməyin.
İkisi də eynidir deməməyin, deməyin,
İnsafı danmayan da, danan da mədəd deyir.

Ruzigar baş – ayaqdı, küləkləri tərs əsir,
Ən gözəl qafiyədi həsirlə Məmmədnəsir.
İtib böyük – kiçiklik kəsən kündədən kəsir,
Gözü çörək dalınca qalan da mədəd deyir.

Osman hardan biləcək kimdi deyən düzünü,
Düzdü – deyə göyərdir yalan deyən sözünü.
Bu əhlət daşı üstə başa çəkib özünü,
Ağıllı sanmayan da, sanan da mədəd deyir.

3 iyun 2016.

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 40 eseri bulunmaktadır.

Yazarın diğer yazıları