DergiZan

Yazı ve Sanat Ülkesi

Altı Şiir / Osman Fərmanoğlu

GƏLƏRSƏN

Qoşulmusan gedənlərin köçünə,
Ayrılıqlar xallananda gələrsən.
Göz yaşların dolur gözün içinə,-
Yanağından sallananda gələrsən.

Baxarsan ki, bir dil səndən söz alır,
Yanıb– sönən ocaq kimi sozalır…
Yanaqların qızıl gülün misalı; —
Həyalanıb, allananda gələrsən…

Hər gələnin başında gül çələngi,
Dəstələyib gülə çələng hörən kim?
Bulaq üstə qoyana bax səhəngi,-
Eşqlə dolub, hallananda gələrsən.

Göz alışar ömrə işıq saçaraq,
Dodağında qorxun olar qaçaraq.
Arı dəsi güldən gülə uçaraq
Şirə çəkib ballananda gələrsən.

Osman, düşər küçələrə dərviş tək,
“Ya hu” çəkər, havalanar bir ürək…
Məcnun kimi eşq libası geyərək,
Səhralara yollananda gələrsən.

28 noyabr 2018.

 

ƏLÖVSƏT SALDAŞA

Ulamağa qalıb qurdun gümanı,
Xəyalını əsən külək didibdi.
Utancından ələkləyib dumanı,
Üzünə üz tutalğacı edibdi.

Ruh kimidi əli daşda Kəlbəcər,
O daşlıqda nə istəsən ək-becər.
İstisuyu həsrətimdən su içər,–
Qartalının qıy vurmağı gedibdi.

Daha məndən uzaq gəzir bu işıq,
Gözlərimə pərdə çəkir su–işıq…
Fikir, xəyal xırda işə qarışıb,–
Əlim böyük ətəklərə yetibdi.

Hər gecənin var gündüzü, yalandı,
At oynayan Cıdır düzü, yalandı…
Çəkmirsənsə, ağrı özü yalandı,–
Əl atanda tutacağım itibdi.

Osman, dinmə, çin çıxmadı bir yuxun,
Əllərini boşda qoydu bu qorxun…
Çox yatılan döşəklərdə bitər yun,-
Çəkilməyən dərdlərin də bitibdi…

4 dekabr 2018

 

BU QARA GECƏ

Zənci saçı kimi bu qara gecə,
Nə qədər çəkirəm sığala gəlmir.
Küləyin darağı itibdi, məncə,-
Dönüb tərsə düşən cığala, gəlmir.

Dağlar səksəkədə, bürküdü Aran,
Dayanıb pusquda bu Karvanqıran.
Yoxdu saçlarından üç tel ayıran, –
Daha istəklər də nağıla gəlmir.

Bu necə obadı iti hürməyə?–
Yolunu çaşanı sevindirməyə…
Gecəni səhərə buta verməyə,
Qoca aşıqlar da mahala gəlmir.

Osman, üstümüzə ağırlıq tökən
Bu qara gecənin nəfsidi, bəlkə…
Ayaqlar nə qədər yükünü çəkə,
Baş qara bağlayır, ağıla gəlmir.

6 dekabr 2018

 

DOSTLARI

Daha kirpiklərim saxlaya bilmir
Gözümdə atlanıb düşən dostları
Getsə də dalınca, haqlaya bilmir
Özgə qazanlarda bişən dostları.

Çoxunun dəyəri ölçülür illə,
Harda bulaşdılar palçıqla, lillə?
Dayandırmaq olmur külünglə, bellə
Gəlib dörd yanımı eşən dostları…

Bir yerdə çıxaraq gəlinən yola,
Demişdik dost dostun həyanı olar.
Tanrı pənahında saxlasın, nolar,
Bu saman dostları, kövşən dostları.

Fürsət gözləyirmiş çoxusu qında,
Gedəsi imişlər vaxtı çatanda…
Bir də çətin tapam, ağır zamanda
Üzünə üz qatan bu şən dostları.

Osman, nə qədərmiş kölgədə yatan,
Dost dediklərinə baxaraq utan…
Unutdum ömrümü ocağa tutan,
Sonra göz-göz edib deşən dostları.

9 dekabr 2018

 

 

DODAQDƏYMƏZ

Ağır yüklər çəkiləndi çəkənə,
Şələ çatan, çək şələni çat incə.
Ayağını yerdən üzər hər yönə,-
Nə fərqi var nə çəkirsən çatınca.

Gedən gedər qalan onun suçudu,
Suçsuzları suç içində suç udur…
Göz arx yeri, könül ona suçudu,-
Sellər axar quzulayan çatınca…

Dərviş, çoxu gedişinə darınar,
Qısqanarlar səni yolun darına.
Çəkilərsən ağrıların darına,–
Nəfəs keçər can ilgəyə çatınca.

12 dekabr 2018.

 

AXTARIRSAN

Paşam, ağrılar gəlir, ağrıların içində
Fal açaraq bəxtini kasada axtarırsan.
Varmı eniş-yoxuşu? əyləşərək dincində,
Uzun-uzun işləri qısada axtarırsan.

Çəkiləsi dərdlərin hamısı tər-təzədi,
Yığaraq çuval-çuval, ağzını kim gözədi?-
Hələ də anlamırsan bu necə möcüzədi,-
Olub– keçən sirləri əsada axtarırsan.

Daha nağıl qalmayıb dərə keçə, dağ çıxa,
Keçənlərin əlindən qurtarmaq olmur yaxa.
Özünü aldadaraq çəkibdilər çarmıxa,–
Yenə də qurtuluşu İsada axtarırsan…

Hamı gözəl bilsə də aralığı qatanı,
Palanı döyəcləyir… elin əli çatanı…
Buraxaraq yolunu tərs yeriyən adamı,
Səhvlərin böyüyünü Yasada axtarırsan.

Osman, yönü tapılmır gediləsi ünvanın,
Başa çıxa bilmirik özümüzlə davanı…
Keçəllər uçururlar quşlar quran yuvanı,–
Onların suçlarını kosada axtarırsan…,

14 dükabr 2018.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 40 eseri bulunmaktadır.

Yazarın diğer yazıları