Ah, Nargin Nargin / Osman Fermanoğlu

PROLOQ
Sarıqamış, Sarıqamış,
Qarsın ən soyuq yeri,
Koroğlu nərəsinin ucaltdığı insan sehri.
O nərənin yaratdığı qar uçqunu,
insan nəfəsinin dodaqda donu…
Bu qış necə qışdı,
bu necə davadı,
necə vuruşdu?!
Bu qışı Tanrı yollamış,
ya insanlığı
Tanrı qarğamış?
Əllər buz bağlayır
tətiyə çatmamış,
yuxusu barıtla bağlanmış kirpikləri sırsıra sığallayır…
Ölənin də, qalanin da ürəyi qar altdadır,
döyüşənləri çovuyan güllələrdən çox
nəfəs kəsən şaxta aldadır,
Sarıqamış, Sarıqamış,
Türk oğulları sənin də
yaralarını sarıdı,
faciənin 100 illiyində,
xalqın gur səsində;
donmuş, əzablarla öldürulmüs
övladlarının abidəsində…
Zaman hansı yaranı sarımamış…
Hətta çar generalı Petroviçi də
dəhşətə gətirən ,” bunları Tanrı aparmış,
biz neyləyək?”– sualı.
Minlərin çiyinlərə yüklənmiş vabalı…
--- BİRİNCİ HARAY---
Başıbəlalı ada, Fin körfəzindəki adaya bənzədiyinə görə Dəli Pyotr 1719--cu ildə Nargin adlandırmışdır.
---- -----
Bir ömür heç kimin yadından çıxmayacaq ağrı,
öləziməyən yanği, acı,
içlərdən boylanan kin.
Kimin boynundadır illərin
sümuklərdə yaşayan suçu.
Ah, köhnə Böyük Zirə, cavan Nargin.
Siftə Sizdən mi gəldi
Birinci Cahan savaşında
öz torpağı uğrunda döyüşüb
əsir düşən beş mindən artıq Türküm?
1915–ci ildə verilən hökm gətirdi sonunuzu,
Bakının istisi də aça bilmədi donunuzu…
Bir kiçik adanın boynuna biçildi əsrlərdən gələn kin,
Ah,Nargin, Nargin!
İllər keçdi çoxaldı günahsız ölümlər,
Başımızın üstündən əskik olmadı qılınc,
Adımızı eylədilər dilimizə qaxınc.
Nə böyuklərimiz böyük oldu,
nə sözümüz ötkün,
dayandıq qolu bağlı,
səsi ölgün.
İllərin yarası,
tarixin ömürlərə sığmayan,
əzablı üzqarası.
İnsan sümükləri ilə “naxışlanmış muzey”,
nəsə eləmək əvəzinə
dillərdə “süslənmiş” giley.
Ruhlar sürgün, didərgin,
sularda inləyən ada–cəzirə;
Böyuk Zirə–
qanlı Nargin.
—İKİNCİ HARAY—
Ölüm düşərgəsinin ilk komendantı polkovnik A. V. Poltaratski ( 22 fevral– 13 avqust 1915–ci il) olub.
Adada taleyə bax,
Adı Dəli Pyotra bağlanıb.
Calanıb calaq– calaq,
Türkə nifrətlə sulanıb.
Köhnə Türk yurdu
Türkə yurdsuz yurd olub.
Dərdi, ağrısı boydan yuxarı,
çəkilməyən dərd olub.
İkiyə bölünmüş cahan,
neçə qanlı diş,
korşalmış ağıllardan gələn
sürü xislətli yürüş.
Gəl gedək, könlüm,
çıxaq köklü bir səltənətin
can verən çâğından.
Yiyəsiz, qəbirsiz gedənlərin
üstünə pərdə tutaq
qumlu duz qalağindan.
Cənab Poltaratski, ilk gülləni sənmi sıxdın
qoçaqlığına qibtə elədiyin Tarix yaradan Türkə,
İçində kin, hikkə,
o kindən nə qədər saxladın
Çar Nikolayın qundaqda boğduğunuz körpələrinə?!
Başqalarına canı yanmayan
özününküləri də istəməzmiş,
dağ basarmış sinələrinə.
— ÜÇÜNÇÜ HARAY—
Aradakı on bir günü çıxsaq düşərgənin ikinci komendantı podpolkovnik Mikayıl Xəlilov (24 avqust– oktyabr 1915) olmuşdur.
———–
Canim Mikayıl,
nə dilində danışırdın
dini dinindən —
əsir– yesir günündə olan
Türk qardaşlarımızla,
adın mələk adı, özün…
Amma şeytan da mələkdi, axı,
şeytan tək daşıya bilməz
paqonlarından sallanan günahı.
Türkün Türkdən başqa
dostu yoxdur, deyirlər,
üzünü görmə üzləri dönəndə,
nə dilləri ağrıyar,
nə birləşər dinində.
Adam adının yiyəsi olmayanda,
ağlı cibində,
gözü hissinin dibində olanda
əlində qalır dərd– sərinin.
Sənin əlinlə elənənləri otuz il sonra Türklərin əliylə elədilər.
Almanlardan qaçıb onlara sığınanları
ruslara verdi Türk başbilənləri,
onlar da gözlərini qırpmadan
hamısını çayda güllələdilər.
Canım Mikayıl, sən balta deyil,
balta sapı oldun bir əsir qəbiristanlığında,
nəfəssiz adada,
itib batdın işığı sönmüş
vicdanın toranlığında.
Səndən sonra Musabəyovlar, Çingiz İldırımlar
tutar yeri oldu torpağina, qanına susayan rusların…
Dərd dərd gətirdi, ölüm ölüm,
get–gedə böyüdü Türkün çəkdiyi zülüm.
DÖRDÜNCÜ HARAY
Əsirlərin acınacaqlı vəziyyətindən ilk dəfə Nəriman Nərimanov məlumat verir, yana-- yana xalqı onlara köməyə çağırır. Sona xanım İsrafil qızı Hacıyeva çox iş görür.
Sona xanım, Sona xanım!
Sənin ürəyin Turan qədər böyük,
Turan qədər şəfqətli imiş,
Sən qadın deyil, elə Turan imişsən…
Atan Kərbəlayı İsrafilin varını
gəmi– gəmi məlhəm elədin ac, köməksiz insanlara,
yemək oldun,
geyim oldun sümükləşən canlara.
Nərimanovun “Cəhənnəm adası” dediyi,
ilanlar mələşən adadakı yarımcan:
” olürük yemək”, “olürük su “, deyə zarıyan insanlara.
Hər gedişində
neçə ölumün qarşısını aldın,
yaşatdın neçə əsiri,
sağaldıb elədin sabahın
Qafqaz İslam Ordusunun əsgəri.
Unutdurdun o əzablı qışı,
yurdumun TURAN VƏTƏNDAŞI…
Adın Tomrisin, Sara Xatunun adının
yanına yazıldı,
böyütdü bu xalqı.
Adam var əməli
quma yazılır,
yuyur onu dalğaların əli,
Adam da var lay daşlara qazılır
tarixləşir əməli,
Sizin etdikləriniz
çox tez bar verdi :
BAKI azad ediləndə,
Xalqın zülmdən qurtarıb
üzü güləndə…
BEŞİNCİ HARAY
Sən kimsən, Əhməd Cavad,
əsgərsən, şairsən,
ya fövqəlbəşərsən?
Axır ki, hələ də sirsən,
hələ də təksən, birsən.
Hələ də Şamaxı yolunda,
Acıdərədə yaralı Türk əsgərinin
başını qucaqlayıb
“Ölmə, qardaş, ölmə, düsmən çoxaldı”,
deyə fəryad qoparır,
ağı deyirsən,
ağını şeirə çevirir,
silah götürüb döyüşə girirsən.
“Çırpınırdın, Qara dəniz,
baxıb Turkün bayrağına”
misralarıyla dilləri yandırır,
“düşürdün bu bayrağın ayağına.”
Hələ1915– cı ildir,
yaralar təzədir,
Sovetlərin omrünüzə qurduğu tələ
başqa tələdir.
…Özü ulu, ruhu didərgin,
sonu xalqlar həbsxanasının Nargini, Nargin
olan HİMNİM!
Çoxalır şeirlərinə dil uzadanlar,
indi də sözlərindən hayıf çıxırlar
bu dil–dil ötən nadanlar…
ALTINCI HARAY
Uzun çəkdi qana susamalar,
diş qıcamalar,
boğazlardan keçmədi loxmalar,
Kəsilmədi asıb– kəsmələr,
bir– birini sancmalar.
Dolaşdı Öğuz xandan gələn yol,
qan qarışdı qana,
Türkə qənim kəsildi əmdiyi süd,
aldığı ana hikkəsi…
Keçdi neçə əsr,
dolandı neçə qərinə,
yıxıldı neçə saray, neçə qəsr,
Xarabalıqda qaldı neçə qanlı taxt,
oturmadı daşlar yerinə,
qanla işlədi vaxt…
O kişi demiş: Tanrı Türkü iki şeydən qorumadı,
biri dilindən,
biri də belindən…
Bir yanda xaç,
bir yanda aypara,
yekələr qabağa verdi ələbaxanları,
tamahları boğdu ağaları, xanları,
yanlarından ayırmadılar ” yan”ları
əcəllərini gəzdirən kimi.
Və beləcə, Xoyskilər, Ənvər Paşalar
xain əllərə qurban getdi.
Dərddi çəkə bilənə,
dinlər davası bəhanədir qamarlamalara,
oyan, Ağam Qazan,
Türk hara, yatmaq hara?!
YEDDİNCİ HARAY
“Murova qar yağır, evim üşüyür” O.F.
15 dekabr 1993– 20 fevral 1994- cü illər Kəlbəcər əməliyyatı deyilən döyüşlər vaxtı, 1573 nəfərdən artıq donan və itkin düşən oğullarımız.
Səni harda ovutduq, Kəlbəcər,
daslıqda, qayalıqda , yoxsa omrün viranlığında?
Bu döyüşçüləri hansı xain
tusladı qara, borana,
qayalardan asılan buzlu
ölüm canıyanmışa?
Kim? Kim?
Buz içində buza dönən
yiyəsiz uşaqlarla
necə oxşayırdın Sarıqamışa…
Hər biri bir evin dirəyi,
bir evin duzu, çörəyi
olası oğullar
əlacsızlıq içində
buz yığını oldular;
1500 insan,
1500 can,
yazıq xainlər əlində boğulan
Can Azərbaycan!
Nə yaxşı, qisas qiyamətə qalmadı,
düşmən istəyən olmadı,
övladlarınız qisasınızı aldı.
EPİLOQ
1937,
1945
1990
Mikayıl Müşfiq ömrünün sonu,
Əbədiyyətinin başlanğıci…
Babamın sür– sümuklər arasında çəkdiyi acı,
yanında can verənlərə
axıtdığı göz yaşı,
Ölumün ilan soyuqluğu,
əcəlin ümiddən qabağa düşən toxluğu,
varın yoxluğu,
insanlığın dərdlə Don Kixot savaşı.
1944–
Türkiyənin ruslara verdiyi
180–dən çox bir əsarətdən qaçıb
o birinə düşən qardaşlarının son mənzili,
ölümün ” su vannası”,–
İnsanlığa rişxənd,
tarixin dözülməz ironiyası…
1990
gəmilərdə daşınan
20 yanvar itkinləri…
Qucaqlaşmış Turk–Azərbaycan
QARDAŞLIQ XİYABANI.
Turan birliyinin ilki,
yaşayan Böyük Zirə,
ölən Nargin!
Yerinə qoyulan nə nədi,
kim kimdi…
kim kim?
sentyabr, 2023–cü il.