İki Şiir / Osman Fermanoğlu
MƏN BU ÖMRÜ
Nə yatdım ki, nə də yuxu görəydim,
Heç yanlışa doğru deyə bilmədim…
Xəmir ikən boyatlandı çörəyim,
Urva səpib, kündələyə bilmədim.
Çəkilsəm də yalanların oynuna,
Atılmadım ilanların qoynuna….
İp salaraq kəlmələrin boynuna
Düz sözümü udub yeyə bilmədim.
Simsarlandım yurdun qara daşına,
Canım oldu daş içində daşınan…
Osman, neynim bu quruca başınan
Mən bu ömrü ömr eləyə bilmədim.
GÜNÜ VAR
Paşam, gəzmə hər yerişi,
Gəlişin gedim günü var…
Gəlib çıxmaz hürr yerişi
Çətindən çətin günü var.
Kasıb unu urvalıqsa,
İşi-gücü xoş qılıqsa;
Hər yan susuz səhralıqsa,
Qumun da bitim günü var.
Cığırlanar damarında,
Qanındı qaynayan canda.
Puçurlar dilin ucunda,
Bir ölüm-itim günü var.
Tökülər əli baltalı,
Kim suçludu, kim xatalı.
Yiyəlilər sığortalı,
Yetimin yetim günü var.
Görən yoxdu Ay-paranı,
Kimdi çəkib aparanı?!..
Osman, qatırlar aranı,
İçində sitəm günü var.